» » Zaqatalada iki minik avtomobili toqquşub, sərnişin ölüb - FOTO

Zaqatalada iki minik avtomobili toqquşub, sərnişin ölüb - FOTO


Zaqatalada iki minik avtomobili toqquşub, sərnişin hadisə yerində ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 09:30-da radələrində Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ-2106” və "VAZ-21011" markalı iki minik avtomobili toqquşub. Qəza zamanı "VAZ-2106" markalı avtomobildəki sərnişin aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ölən sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sərnişinin meyiti əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verib.

Qəzada biri azyaşlı olmaqla 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Qeyd edək ki, "VAZ-2106"-da olan şəxslər bir ailənin üzvləridir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011”markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin - Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Zaqatalada yol qəzasında ər-arvad xəsarət alıb